"Xəzər əfsanəsi" mozaika divarı
Müəllif: Hüseyn Haqverdi
"Xəzər əfsanəsi" adlı mozaika divarı insan tərəfindən təbii enerjinin mənimsənilməsi və ondan istifadə ilə bağlı ağır, lakin eyni zamanda həyati əhəmiyyət kəsb edən bir prosesə həsr olunmuşdur. Əsərin tərtibatında mərmər, qranit, yerli əhəngdaşı və smalta (rəng əlavə edilmiş şüşə və keramika qırıqları) kimi materiallardan istifadə edilmişdir.
Divar iki tərəfdən ibarətdir:
Divarın bir tərəfində üç element - ünsür, yəni torpaq, su və hava bədii surətdə əks etdirilmişdir. Bu ünsürlərin üzərində insanın həmin qüvvələrin idarəolunmasına, onların inkişaf və tərəqqini təmin edən enerjiyə çevrilməsinə yönəlmiş təkamül və fəaliyyət prosesi açılır. Divarın sol kənarında mədəniyyətin inkişafı təsvir edilmiş, bəşəriyyətin axtarışa və hərəkətə doğru əzəli meyli əks etdirilmişdir. Rəssamı ilhama gətirən terminalın yaxınlığında yerləşən Qobustan qayaüstü rəsmləri olmuşdur. Ən erkən rəsmlərin tarixi eramızdan əvvəl 20 min ilə qədər gedib çatır. Həmin rəsmlər Azərbaycan incəsənətinin ən qədim dövrlərinə aiddir.
Divarın digər tərəfində içərisində Türkiyə, Gürcüstan və Azərbaycanın ən əlamətdar memarlıq abidələrinin, yəni İstanbuldakı Süleymaniyyə məscidinin, Metexidəki kilsə və Bakıdakı Qız qalasının təsvirləri yerləşmiş, üç romb əks olunmuşdur. Memarlıq abidələrinin bu kompozisiyada istifadə edilməsi olduqca rəmzi xarakter daşıyır. Məhz onlar bir növ milli göstəricilər kimi çıxış edir və bu qədər cəsarətli və iri miqyaslı bir layihənin həyata keçirilməsində həmin ölkələrin əhəmiyyət və rolunu əks etdirməklə yanaşı xalqların uzun əsrlərdən bəri davam edən mədəni əlaqələrini əks etdirmək, habelə onların tərəqqi və çiçəklənməyə doğru ümumi dinamik meylini nümayiş etdirmək məqsədi daşıyır.


